İlkin Manafov neçə aydır silsilə olaraq biznes konsultantlarını, biznes konsaltinqi tənqid edir. 🙂 Bu gün də aşağıdakı kimi post yazıb facebookda:
“Sual: …bəs əlimdən voobşe heç nə gəlmirsə? Cavab: Həəə, onda heç Dövlət Qulluğunda da işləyəmməzsən, sən ancaq Konsultant ola bilərsən! :)”
Ümumi olaraq bu fikirlə razı olmasam da, bu iddianın haqlı tərəfi də var.
Əvvəlcə baxaq ki, kimlər konsultantlıqla məşğul olur? “Konsultant” profilini çəkməyə (çizməyə) çalışaq.
- Nəzəriyyə ağırlıqlı, real praktikanı “hiss etməyən” konsultantlar.
Bu qrupa daxil olan konsultantlar bir çox hallarda dərin nəzəri biliklərə sahib olsalar da, real praktikadan uzaq olurlar. Parıltılı, terminlərlə zəngin məsləhətləri olsa da, reallıqdan uzaq olur. Biznesi “ağlaya” bilmir. 🙂
- Məcburiyyətdən konsultant olan “ulduzlar”.
Bəzi “ulduzlaşmış” menecerlər olur ki, işdən çıxandan sonra hər yerdə işləməyi bəyənmirlər, aktiv iş axtarmağı da eqolarına yerləşdirməyəndən sonra məcburiyyətdən özlərini “konsultant” kimi təqdim edirlər. Təbii ki, bunların içində peşəkar, əsl həllər verməyi bacaran menecerlər də olur. Amma eqoları işlərinə mane olur çox hallarda. Çünki keyfiyyətli konsultantlıq təkcə “məsləhət vermək” demək deyil. İşləmək, biznesin içinə girməyi tələb edir. “Ulduz konsultant” buna nə dərəcədə hazırdır, hər şey ondan asılı olacaq.
- Real biznesi hiss edən peşəkar konsultantlar və konsaltinq şirkətləri.
Bunlar əsl konsultantlardır. Bu işə ciddi peşəkar karyerasının bir hissəsi kimi baxan konsultantlar və konsaltinq şirkətləri real biznes həlləri verə bilirlər. Bütün dünyada konsaltinq biznesi günü-gündən inkişaf edir. Şirkətlər bir çox ixtisaslaşmış biznes həllərini, qabaqcıl menecment alətlərini kənardan autsors etməyə üstünlük verirlər. Məsələn,
- CRM sisteminin qurulması
- işçilərin effektiv mükafatlandırma sistemi
- məhsul portfelinin optimallaşdırılması
- bazar araşdırması
- biznesdəki mürəkkəbliklərin (complexities) azaldılması
- təchizat zənciri sisteminin təkmilləşdirilməsi
- satış sisteminin təkmilləşdirilməsi
- keyfiyyət menecmenti standartlarının tətbiqi
- biznes proseslərin avtomatlaşdırılması və optimallaşdırılması və s.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da konsaltinq biznesi çiçəklənməkdədir. Xüsusilə, indi yaşadığımız böhran şəraitində şirkətlər bataqlığa düşməməyin, bəladan qurtarmağın yollarını arayırlar. Şirkətlərimizə kiçilən bazarda sağ qalmağa köməklik edə biləcək konsultantlar və konsaltinq şirkətləri var.
Digər tərəfdən, peşəkar biznes konsultantları üçün ortaya real keyslər qoymağın vaxtı gəlib. Bazar özünün turnaround (biznesləri bataqlıqdan çıxaran) menecerlərini, krizis menecerlərini ortaya çıxarmalıdır.
Şirkətlərin konsultantdan gözləntilərinin də doğru qoyulması önəmli amildir. Şirkət nə istədiyini bilirmi? Konsultantın ona nə verəcəyini anlayırmı?
Bəzən rast gəlinir ki, bizneslər konsultantdan “fokus göstərməsini”, nəticədə satışların və mənfəətin radikal şəkildə artmasını gözləyirlər. 🙂 Buna görə də işə başlamazdan qabaq hər iki tərəfin bir-birlərini tam doğru anlamaları lazımdır ki, sonra “xırmanda yabalaşmasınlar”. Gözləntilər uzlaşdırılmalıdır.