Rafiq Hunaltayın başlatdığı “Bəlkə biz düz eləmirik” seriyasına bu günədək 20-yə yaxın biznes bloqçu qoşulmuşdur. Hər birinə təşəkkür edirəm bu gözəl iş üçün. Bu yazıda mən də həmin seriyanı davam etdirirəm Rafiqin dəvəti və təkidli
tələbi ilə. 🙂
Dostların əksəriyyəti etdiklərimizə münasibət bildirdilər. Mən etmədiklərimizə münasibət bildirmək istəyirəm. Nələrisə etməməkdə bəlkə düz etmədiyimizi.. Çox şeyi düz etmirik, təbii ki. bir qismini paylaşmaq istəyirəm.
- Biznes lüğətimiz olmadığı üçün biznesə aid terminləri hərəmiz bir cür yazmaq məcburiyyətindəyik. Bu lüğəti bizlər yaratmalıyıq. Bəlkə düz eləmirik bunu etməməkdə? Bunu düşünməliyik.
- Biznesə aid ana dilimizdə kitablar yenə də çox azdır. Son illərdə barmaqla sayılacaq qədər irəliləyiş olsa da, hələ də vəziyyət pisdir. Bizim şirkət sahibləri, CEO-lar, biznes peşəkarları öz təcrübələrini, düşüncələrini kitab halında paylaşsalar, düşünün cəmiyyətə nə qədər faydalı olmuş olarlar. Bunu düşünmək lazımdır.
- İldə bir dəfə Milli Marketinq Forumu keçiririk. Bundan başqa marketerlərin debatı üçün normal platforma yox dərəcəsindədir. Bu istiqamətdə işləmiriksə, əminəm ki, düz etmirik.
- Son illərdə biznes bloqçuluğun, bu sahədə content yaradıcılığının inkişafı göz qabağındadır. Bununla paralel olaraq bu insanları həvəsdən salmağa cəhdlər daha sürətlə artır. “Boş-boş yazırlar”, “nə bilir ki, nə yazsın” tipli fikirlər.. Təbii ki, bu fikirlər heç kimi həvəsdən salmır və salmamalıdır. Yazanlar da heç kimdən icazə alası deyillər. Bəlkə o adamlar özləri də danışmaq əvəzinə bu işə töhvə versinlər? Düşünmək lazımdır.
- Azərbaycanda ilk internet marketinq TV olan FMR TV 2013-cü ilin yanvarından fəaliyyət göstərir. Müəyyən səbəblərdən son 1 ildə FMR TV-nin fəaliyyətində passivlik yaranıb. Əminəm ki, düz etmirik buna imkan veririk. İlkin və Rafiq də mənlə razılaşarlar. Mütləq vaxt tapıb o platformadan daha yaxşı şəkildə istifadə etməliyik.