Bu günlərdə dostların dəvəti ilə çox yaxşı bir düşüncə debatını izlədim. Format, müzakirələr çox yaxşı idi. Çox faydalı işlər görürlər. Tədbirdə marketinqlə satış müqayisə olunurdu. Bu gün Linkedində yenə gördüm bu istiqamətdə müzakirələri. Tədbirdə də demişdim, müzakirədə məni narahat edən yeganə məqam marketinqlə satış arasında illah da sərhəd qoymağa çalışmaq, satış və marketinqi qarşı-qarşıya qoymaqdır. Nəyə görə narahat edir? Ona görə ki, bir çox şirkətlərdə onsuz da marketinq və satışın inteqrasiyası arzuolunan səviyyədə deyil. Marketinq satışa yuxarıdan-aşağı baxır, satış marketinqi effektiv hesab etmir və s. Bu yanaşmanı qırağa qoymaq əvəzinə satışla marketinqi qarşı-qarşıya qoymağın ziyanları da var.
Marketinq və satış o qədər yaxın və əlaqəli funksiyalardır ki, bir yerdə işləməlidirlər. Dost olmalıdırlar. Marketerlər satışı sevməli, satışı hiss etməlidirlər. Satış adamları da marketinqi sevməlidir.
Heç aydın sərhəd də yoxdur bu funksiyalar arasında. Elə ən yaxşısı bir yerdə baxmaqdır, nəinki ayrı baxmaq. Bir çox stratejistlər (mən daxil) onsuz da bu funksiyalara bir baxırlar. Müştəri (Customer) yönümlü fəaliyyət olaraq dəyərləndirirlər. Balanced Scorecard yanaşmasında da bu funksiyalar birlikdə şirkətin Müştəri perspektivini formalaşdırır.