İşçilərin motivasiyasına və şirkətə bağlılığına təsir edən faktorlar çoxdur. O faktorları pərakəndə şəkildə çox görürük/eşidirik. Məsələn, iş şəraiti, tərif, səlahiyyət, inkişaf və s. İş orasındadır ki, istənilən nəticəni əldə etmək üçün bu faktorların hamısını və ya əksəriyyətini nəzərə almaq lazımdır. Siyahı adətən çox uzun olur və rəhbərlər bəzən hamısını yadda saxlaya bilmirlər. Bu səbəbdən işçilərin motivasiyasına və şirkətə bağlılığına təsir edən əsas faktorları qruplaşdırmağa çalışdım. Mənə görə aşağıdakı 5 məsələni diqqətdə saxlasaq, istədiyimiz nəticəyə tez yaxınlaşarıq:
- Qiymətləndirmə – işçinin səylərini qiymətləndirmək önəmlidir. Ən azından təşəkkür etmək, tərifləmək.
- İnsan kimi hörmət/qayğı – işçilər ilk növbədə insandırlar və onlara yalnız işçi kimi deyil, ilk növbədə insan kimi hörmət etməliyik.
- Meydan/səlahiyyət vermək – işçiləri rahat buraxmalıyıq, yüksək performans göstərməkləri üçün meydan verməliyik. Digər tərəfdən tələbkar olmalıyıq, nəticə tələb etməliyik.
- Məlumatlı saxlamaq – işçiləri qeyri-müəyyənlikdə saxlamaq olmaz. Şirkətlə, işi ilə bağlı tam məlumatlı saxlamaq lazımdır. Çalışmalıyıq ki, önünü görə bilsin. Açıq kommunikasiya və sağlam feedback mühiti olmalıdır.
- Şirkətə inam – şirkəti işçilərə yaxşı mənada “satmalıyıq”, şirkətə inam yaratmalıyıq. Şirkətin gəlcəyinə nə qədər inansalar, o qədər motivasiyalı və şirkətə bağlı olarlar. Çalışmalıyıq ki, şirkətlə fəxr etsinlər.