Yaxşı iş mühiti ilk növbədə şirkətə lazımdır. İşçiyə yaxşılıq üçün deyil..
Mənim idarəetmədə ən çox önə çəkdiyim məsələlərdən biri iş mühitinin yaxşı olmasıdır, işçilərin motivasiyalı olmasıdır. Bu, işçilərə yaxşılıq eləmək üçün edilmir. Şirkətdə məhsuldarlığı yuxarı qaldırmaq üçün, daha güclü şirkət olmaq üçün lazımdır bizə.
Yaxşı işləmək üçün yaxşı iş mühiti lazımdır. Bu qədər sadədir məsələ.
Şirkətin çox güclü strategiyası, texnologiyası, işçiləri və s. ola bilər. İş mühiti yaxşı olmayandan sonra bu amillər bir xeyli mənasızlaşır.
İş mühiti, işçilərin motivasiyası şirkətin məhsuldarlığında, uğurlarında çox ciddi rola malikdir. Hər bir sahibkar, hər bir şirkət rəhbəri bunu başa düşməlidir. İşçilərin motivasiyası çox vacib olduğu üçün daim ölçməliyik, yüksəldilməsi üçün hər şey etməliyik.
İşçilərin potensiallarını maksimum üzə çıxarmaq istəyiriksə, biz onlara maksimum yaxşı şərait yaratmalıyıq. Onlar şirkətə o qədər bağlı olmalıdırlar ki, əllərindən gələni etsinlər, “özlərini öldürsünlər” şirkətdən ötrü.
İşçiləri təzyiq altında saxlamaqla, mikromenecment tətbiq etməklə, qorxu mühiti yaratmaqla, bütün günü güdməklə, hər anını nəzarətdə saxlamaqla çox uzağa gedə bilmərik. Bu qeyd etdiklərim zəhərli (toksik) iş mühiti yaradır. Toksik iş mühitində mümkün deyil ki işçilər səmimi olaraq şirkətə can yandırsınlar..
İş mühitinin yaxşı olması şirkətdəki bir çox problemlərin təməl səbəbi ola bilir. Məsələn, satışın aşağı olmasının, məhsulun keyfiyyətsiz istehsal olunmasının və s. Səbəb çox sadədir: şirkətini sevməyən işçi şirkətini sevdirə bilməz, şirkətinə can yandıra bilməz və s. Elə etməliyik ki, işçilər şirkətə bağlı olsunlar, şirkəti sevsinlər. Təsadüfi deyil ki, idarə etdiyim şirkətlərdə, konsaltinq verdiyim şirkətlərdə ən birinci baxdığım məsələlərdən biri işçilərin nə dərəcədə xoşbəxt olması, şirkətə nə dərəcədə bağlı olmasıdır. Hətta olub ki, məndən şirkətində satışın artırılmasına dəstək istəyən sahibkar təəccüblə sual verib ki, satışın artırılmasını gözləyirik sizdən, işçilərin motivasiyasını niyə ölçürsünüz? Cavabım o olub ki, satış birbaşa olaraq bundan asılıdır. Buna görə də həm Gallup12 tipli işçi bağlılığı sorğuları (employee engagement survey) keçirməklə, həm də işçilərlə görüşərək şirkətdəki iş mühitinin, işçilərin xoşbəxtliyinin səviyyəsini anlamaq lazımdır.
İşçilərə imkan verilməlidir, sərbəstlik tanınmalıdır, səlahiyyət verilməlidir ki, şirkəti özününkü bilib əlindən gələni etsin, yüksək performans göstərsin. Belə deyəndə də mütləq kimsə tapılır desin ki, sərbəstlik veriləndə də sui-istifadə edəcəklər, “quduracaqlar” (çox üzr istəyirəm – A.B.), başımıza çıxacaqlar, bizim millətlə gərək sərt olasan, bizim millətlə bu yaramır və s. Kökündən yanlış yanaşmadır. Nəyə görəsini deyim..
- Birincisi, orta statistik insan sui-istifadəyə meylli deyil. Yaxşı iş mühiti normalda işçinin performansına müsbət təsir göstərir. Bu, sınaqdan keçmiş bir məsələdir. Şəxsən öz təcrübəmə, gördüklərimə, müşahidələrimə görə əminliklə deyirəm. İkincisi, sui-istifadəyə meydan verməməlisən. Şirkətin korporativ mədəniyyəti, dəyərləri imkan verməməlidir ki, şirkətdə sui-istifadə edib davam etmək mümkün olsun. Elə etmək lazımdır ki, hamı sui-istifadə etməyin sərf eləmədiyini görsün. Ən yaxşısı bu yaxşı iş mühitinin qədrini bilib yüksək həvəslə işləməkdir. Kimin şirkətin maraqlarına uyğun olmayan planı və gündəliyi varsa, getsin başqa yerdə reallaşdırsın.
- Sizə kim deyib ki, demokratik/liberal iş mühiti başlı-başınalıqdır, avaraçılığa şərait yaradır? Əksinə, ən tələbkar idarəetmə demokratik idarəetmədir. Əsl demokratik rəhbər aşağı performansı heç vaxt qəbul etmir. Əsl demokratik rəhbər bütün işçilərdən nəticə tələb edir, işçilərlə hədəf və KPİ dili ilə danışır, hər kəsdən hədəflərə çatmağı tələb edir. Oturub bütün günü işçilərin neçə saat komputer arxasında oturduğunu, neçə dəfə nəfəs aldığını, işdən saat neçədə çıxdığını saymır.
- Ən əsası, yaxşı iş mühiti, işçilərə sərbəstlik vermək bu gün zərurətdir, seçim deyil. Bu gün şirkətlər yaxşı iş yeri olmaq üçün, yüksək peşəkarlara layiq olub onları cəlb edə bilmək üçün yarışırlar. Azərbaycanda kifayət qədər böyük şirkətlər tanıyıram ki, peşəlar kadrları ya cəlb edə bilmirlər, ya da çox çətinlik çəkirlər. Peşəkarları cəlb edə bilmək üçün gərək peşəkarlara layiq olasan.
- “Bizimkilərlə bu yaramır” fikrinə gələk indi. Sizi inandırım ki, danışdığımız motivasiya texnikaları və alətləri, yaxşı iş mühiti bizdə və bizim kimi biznes praktikası çox inkişaf etməmiş ölkələrdə daha effektivdir. Tam əminliklə deyirəm sizə. Məsələn, biznes ənənələri inkişaf etmiş ölkələrdə işçilərlə normal, insani davranmaqla oranın insanını təəccübləndirmək olmaz. Bizdə isə o qədər elə şeylər görməyiblər ki, bir az insani davranış ortaya qoyan kimi, “adam kimi” davranan kimi (üzr istəyirəm) həmən müsbət təsirini görmək olur. Bu halda da sui istifadə edən tapılacaqsa, o halda nə edəcəyimizi yuxarıda qeyd etmişəm. Bir də yeri gəlmişkən, təkcə motivasiya deyil, bir çox idarəetmə alətləri Azərbaycan kimi ölkələrdə daha effektiv olurlar. Effektiv olma səbəbi də odur ki, həm rəqabət səviyyəsi aşağıdır, həm də baza (mövcud vəziyyət) aşağı olanda xırda toxunuşlarla daha böyük artım nəticələri əldə etmək olur.
İşçilərlə mümkün qədər səmimi dialoq mühiti yaratmaq lazımdır ki, işçilər istənilən sullarına cavab tapa bilsinlər, qeyri-müəyyənlikdə qalmasınlar. Aydınlıq və şəffaflıq olmalıdır. Məsələn, işçinin vəzifəsinin və ya maaşının artımı barədə söhbət açması çox normal bir haldır. Bu komfortu bütün işçilərə tanımaq lazımdır, “top-tüfənglə” qarşılamağa ehtiyac yoxdur. Ən pisi odur ki, işçi qeyri-müəyyənlikdə qalsın, önünü görməsin. Amma gözləmək lazım deyil ki, işçilər özləri “dilə gəlsinlər”. Şirkətdə karyera inkişaf sistemi, əmək haqqı siyasəti, dərəcələmə və s. qabaqcıl praktikalar tətbiq olunarsa, daha sistemli və köklü həllə nail ola bilərik.
Səmimi mühitlə bağlı mənim tez-tez dediyim bir söz var: Özünüzə sual verin, işçiləriniz sizə deyə bilirmi ki, “bu gün axot yoxdur işləməyə?”. Bunu deyə bilmirsə, iş mühitində, rəhbər-işçi münasibətində problemlər qalır deyə düşünürəm. “Axotu olmamaq” insanlıq halıdır – elə bir adam yoxdur ki, ilin 365 günü yüksək həvəslə işləsin. Bu insanlıq halıdırsa, niyə işçini yalandan rola girməyə, yalan danışmağa vadar edirik? Qoy səmimi olaraq bunu rəhbərinə deyə bilsin, rəhbər də işini bilsin – həmin işçinin qeyri-məhsuldar işləməyi əvəzinə həmin gün üçün o işçiyə istirahət vermək olar, onun işini həmin gün başqasına həvalə etmək olar və s. Burda məsələnin qarşı qütbü də ondan ibarətdir ki, o işçi bunu deməyə cəsarət tapacaq ki, həqiqətən “üzü var” bu səmimiyyəti etməyə. Əks halda rəhbər deyəcək ki, sən axotun olanda belə işləyirdin, qalmışdı axotun olmayanda.. 😊 Düşünsəniz ki, bu mühit sui-istifadəyə yol açar, bunun cavabını yuxarıda verilib. Elə etməliyik ki, bizim şirkətdə sui-istifadə etmək sərf etməsin. Sui-istifadə edənin bizim şirkətdə nə işi var ki?