Data menecmenti – biznesdə məlumatların toplanması, emalı, qərarvermədə doğru istifadəsini nəzərdə tutur.
Data’nın, data menecmentinin biznesdəki əhəmiyətinə işıq salmağa çalışacam bu yazıda.
Son illərdə ara-sıra biznes konsaltinq layihələrimiz olur. Diaqnostikadan sonra hər dəfə gördüyümüz odur ki, əksər bizneslərimizi bir sıra ümumi problemlər birləşdirir. Bizneslərimizin idarəetmədə dataya önəm verməmələri ən ağrılı problemlərdəndir.
Bəzi menecment alətləri var ki, seçimimizə buraxılıb. Öz biznesimizə, strategiyamıza uyğun olanını seçib tətbiq edə bilərik. Amma “Data menecment” o sırada deyil. Bugünki biznes şəraitində bizə seçim imkanı tanınmır bu məsələdə. Rəqabətə dözümlü olmaq üçün data menecmentinə çox önəm verməlisən. Date-centric olmalısan. Bütün işçilərin data-centric olmalıdır. Data ilə işləməyi sevməlisən. Şirkətdaxili mədəniyyətin ayrılmaz hissəsi olmalıdır bu. Data-centric mədəniyyət deyirlər buna.
Şirkətlər ən müxtəlif məqsədlər üçün, ən müxtəlif mənbələrdən data toplayırlar:
-Müştəri məlumatları, müştəri ilə bütün münasibətləri əks etdirən data;
-Müştəri davranışları ilə bağlı statisistikanı əks etdirən data;
-Satışla bağlı data;
-Məhsulların performansını əks etdirən data;
-Şirkətin bazar vəziyyətini əks etdirən data – rəqiblərin bazar payı, artım dinamikası və s.;
-Bazarda qiymətlərin vəziyyətini və dəyişməsini əks etdirən data;
-Dövrü araşdırma nəticələrini əks etdirən data;
-Risk menecmenti ilə bağlı data və s.
Əsas məsələ data menecmentinin, big data sisteminin strategiyadan irəli gəlməsidir. Yəni mənim şirkətimə nə lazımdır? Hədəfləri nədir? O hədəflərə çatmaq üçün hansı dərəcədə big dataya ehtiyacım var? Bunun üçün hansı avadanlıqlar, proqramlar, mütəxəssislər, biznes proseslər lazımdır?
Data menecmenti strategiyadan irəli gəlməyəndə çox ağrılı nəticələri olur. Mənasız investisiyalar edirlər şirkətlər bəzən. Onlara lazım olan texnologiyaya, proqramlara investisiya qoymaq əvəzinə başqalarında gördüyü, kimdənsə eşitdiyi texnologiyalara pul xərcləyirlər, heç bir effekti də olmur.
Bu problemləri bir neçə qrupa bölsək:
1) Proqram alıb, data’nı emal edə bilmir.
Yəni baxıb ki, başqaları alıb və ya hardansa eşidib ki, nəsə proqram almaq lazımdır. Amma məqsəddən, strategiyadan irəli gəlmədiyi üçün bir əlaqə yoxdur bizneslə texnologiya arasında.
2) Proqram da var, bir çox hesabatlar da dövrü şəkildə çıxarılır. Amma biznes qərarlarının verilməsində istifadə olunmur o məlumatlar. Və ya menecment data’nın, data emalından alınan hesabatların onun nəyinə lazım olduğunu tam anlamır.
3) Bəzi hallarda isə doğru proqram, avadanlıq seçilmədiyi üçün biznes proseslər korlanır. Mürəkkəbləşir , qeyri – elastik və ləng olur. Sanki biznes proseslər biznesə deyil, biznes biznes proseslərə xidmət etməlidir.
4) Biri də var nə data toplanmır , nə də menecment ona ehtiyac görmür. Bu, ən “xoşbəxt” haldır. 🙂
Strategiya o vaxt işlək strategiya olur ki, şirkətin bütün işçiləri onu qavramış və eyni dərəcədə qəbul etmiş olsun. Bu zaman biz həqiqi mənada data-centric mədəniyyətdən danışa bilərik.
Şirkətlərin quruluşu, menecment sistemi də effektli data menecmentini dəstəkləməlidir. Son illərdə bir çox şirkətlərin top menecmentində sırf data menecmentinə cavabdeh rəhbər şəxslər yer alır – Chief Data Officer (CDO), Enterprise Data Officer (EDO) və s.
Şirkətin strategiyası, quruluşu, işçiləri, biznes prosesləri effektli data menecmentini dəstəkləyirsə, belə şirkətlərə data-yönümlü (data-driven) şirkətlər deyirlər. Bu şirkətdə hamı anlayır ki, keyfiyyətli data menecmenti şirkətin işıqlı gələcəyi üçün çox vacibdir. Qərarlar doğru dataya əsaslananda daha effektli olur. Data ilə işləyəndə daha məsuliyyətli yanaşır. Məsələn, müştəri haqda məlumatları düzgün şəkildə daxil edir ki, gələcəkdə bu məlumatların əsasında verilmiş qərarlar effektli olsun.
Təlimlə olmur bu şeylər. Nə qədər öyrətsən də , işçi mahiyyətini və əhəmiyyətini anlamayınca data intizamına əməl etməyəcək. Yuxarıda dediyim kimi, mədəniyyət məsələsidir bu. Hamı eyni dərəcədə məsələnin ciddiliyini anlamalıdır. İşçilərin beynini dəyişməliyik.
Korporativ mədəniyyəti dəyişdirmək, işçilərin beyinlərində, düşüncələrində dəyişikliyə nail olmaq asan deyil təbii ki. Bu, peşəkar dəyişiklik menecmenti (change management) tələb edir. Bütün işçiləri inandırmaq, motivasiya etmək, dəyişikliklərin nəticəsinə kökləmək lazım gəlir. İşçilərlə açıq danışmaq, onlara işıqlı vizyon göstərmək lazım gəlir. Data menecmentinin ikinci, üçüncü dərəcəli məsələ deyil, top prioritetlərdən olduğunu göstərmək lazımdır.
Data menecmenti, big data – texnoloji məsələ olmaqdan çıxıb bu gün. IT məsələsi deyil bu. Bu, korporativ mədəniyyət, liderlik məsələsidir ki, dataya şirkətdə hamı tərəfindən “qucaq açılmasına” nail olunsun.
Big data “inqilabı” biznes funskiyalarında da dəyişikliyə səbəb olub. Bugünki marketinq meneceri, CMO (chief marketing officer) bir neçə il əvvəlki kimi işləyə bilmir artıq. Verilən qərarlar, hazırlanan məhsul, kampaniyalar, kampaniyaların effektivliyinin ölçülməsi nə dərəcədə dataya əsaslanır? Söhbət bundan gedir. Dataya nifrət edən marketinq direktoru üçün meydan qalmayıb bugünkü rəqabət şəraitində. Müştəri məlumatına çıxış əvvəlki illərlə müqayisədə asanlaşıb. 21-ci əsr müştərisi daha həvəslə öz məlumatını şirkətlərlə bölüşür – çünki əvəzində şirkətlərdən bir şeylər gözləyir. Burda növbə şirkətə gəlir ki, müştərilərin məlumatlarını, müştəri davranışını əks etdirən datanı hansı məharətlə emal edib ortaya maraqlı məhsullar, layihələr, kampaniyalar çıxara biləcək.
Digər tərəfdən, müştərini yaxşı tanımaq zərurətə çevrilib bu gün. Sən biznesinə müştərini tanıdığın qədər hakimsən. Şirkətlər müştərinin keçmişdəki davranışlarını, qərarlarını təhlil edərək müştərinin gələcəkdəki davranışları haqda nəticələr çıxarır. Planlarını buna görə qoyur. Şirkətlər təkcə keçmiş dataya da əsaslanmır. Müştərilərlə dost olmaq yolunu tuturlar. Müştərilərlə dost olanda müştərilərin gələcək planlarını daha yaxşı öyrənə bili rlər. Bunun nəticəsində müştəridən gözlənilən gəlir (CLV – Customer Lifetime Value) hesablanır. Göründüyü kimi, biznes nə qədər data ilə əhatələnmiş olsa, o qədər az qeyri-müəyyənlikdə işləyir. Gələcəyi daha yaxşı görür, biznesinə daha çox hakim olur.
Data-data deyirik.. Burda gərəksiz datadan danışmırıq. Yalnız gərəkli, keyfiyyətli data bizə keyfiyyətli və effektli qərarlar verməyə kömək edə bilər.
Bir də bəziləri səhvən elə anlayır ki, data ölçmək üçündür. Qətiyyən! Data keyfiyyətli qərarlar vermək üçündür. Trendləri vaxtında görmək üçündür. Biznesi daha yaxşı hiss etmək üçündür. Riskləri, təhlükələri vaxtında görmək üçündür. Biznesə hakim olmaq üçündür. Performansı drive etmək üçündür…
Yaxşı, bütün qərarlarmı dataya əsaslanaraq verilməlidir? Yox! Düzdür, əksər qərarlar dataya əsaslanmalıdır. Amma bəzən intuisiyaya, keçmiş təcrübəyə və s. əsaslanıb qərar verməli olursan. Bəzi şeylər ölçüyə sığmır, dataya yerləşmir – hissiyat, hiss etmək daha önəmli olur. Duyğusal, emosional, ölçüləbilməyən münasibətlər var. Bu haqda bir dəfə yazmışdım. Burdan oxuya bilərsiniz.
Bütün hallarda dəyişməyən bir şey var ki, sənin şirkətinin nə dərəcədə data-centric olması onun müqəddəratını müəyyən edən açar amillərdən birinə çevrilib.