Dostumuz İlkin Manafov son bloq yazılarından birində Strateji idarəetmə dövrünün bitdiyini iddia edir:
http://www.ilkinmanafov.com/2012/04/strateji-idar%C9%99etm%C9%99-dovru-bitdi/
Təxminən belə əsaslandırır: sektor, biznes mühiti elə tez-tez dəyişir ki, nəinki 5 illik, ümumiyyətlə 2 illik plan hazırlamaq mənasız görünür.
Bu iddiaya opponentlik etmək istəyirəm. 🙂
Əvvəlcə yadımıza salaq ki, strateji planda xarici və daxili biznes mühitindəki baş verə biləcək dəyişikliklər nəzərdə tutula bilir. Mümkün situasiya dəyişikliklərinə uyğun alternativ planlar (B planı, C planı və s.) hazırlanır. Elə bu çətin, qarmaqarışıq biznes mühiti, biznes mühitində baş verən dəyişikliklər, risqlərin mövcudluğu strateji idarəetməyə zərurət yaradır. Dəyişikliklərə necə çevik adaptasiya olma qabiliyyəti şirkətin strateji idarəetmə qabiliyyətinin göstəricisidir.
Digər tərəfdən, strateji idarəetmə təkcə əvvəlcədən yazılmış strateji planın icrası deyil. Strateji idarəetmə şirkəti strateji məqsədlərə doğru aparan idarəetmədir.
Strategiya şirkətin vizyonu üzrə yol xəritəsidir. Strateji plan olmasa şirkətdə hamının eyni məqsədlərə doğru hərəkət etməsini necə təmin etmək olar?
Şirkətin strategiyasının gözlənilməsi nə qədər vacib olsa da, situasiyaya uyğun olaraq strategiya hər an dəyişilə və ya imtina oluna bilər. Başqa sözlə, hər zaman “gözlənilməz halları gözləmək” lazımdır. Çünki kənar təsirlər nə qədər nəzərə alınsa da, həmin təsirlər şirkətin özündən çox güclüdür. Ona görə də, hər zaman xarici mühit təsirləri (iqtisadi, siyasi, texnoloji, rəqabət mühiti və s.) izlənilməli, ona uyğun fəaliyyət planı həyata keçirilməlidir.
