Əziz oxucu, bu bloq yazımda mən yaxın dostum, hər dəfə söhbət etdikdə nəsə öyrəndiyim
bir insan, Anar müəllimin dəyərli bloqundan istifadə edirəm. Həqiqətən də çox sevindirici haldır ki, Azərbaycan dilində belə bloqlarımız var. Belə bloqların olması sübüt edir ki, nəinki bizdə belə ziyalı adamlar var, həmçinin belə adamların sayı durmadan artacaq.
Mən Sizinlə bu yazıda uğurlu marketoloq olmaq üçün ən vacib şərtlərdən biri olan peşəyə qarşı sevgidən danışacam. Beləliklə başlayaq?!
Məndən soruşan olsa ki, dünyada ən sevdiyiniz peşə nədir?! Mən heç düşünmədən marketoloq deyərdim. Həqiqətən də, bu peşə insanda ətrafdakıları daha düzgün başa düşməyi təmin edir, həqiqətən də bu peşə insanda sərhədsiz düşüncə və ən əsası, ətrafdakı proseslərə, insanlara qarşı sevgi aşılayır. Marketinq bizə yalnız insanları sevməyi öyrətmir, həmçinin izah edir ki, sevgisiz marketinq olmaz. Bilirsiz niyə?!
Dostlar, bizim peşədə uğur qazanmaq üçün öz üzərində ciddi işləmək lazımdır. Deyə bilərsiniz ki, bu bütün peşələrdə belədir. Düzdür. Lakin marketoloq digər peşə sahibləri ilə müqayisədə daha çox oxumalı, daha çox düşünməlidir. Səbəbi çox sadədir. İnsan yer üzərində ən dəyişkən canlıdır, biz marketoloqlar isə öz işimizi məhz insan ehtiyaclarının üzərində qururuq. Artıq yalnız insanların ehtiyaclarını öyrənmək və bu ehtiyacları ödəmək azdır… bügün biz yeni ehtiyaclar yaratmalıyıq!!!
Dostlar, bizim peşədə uğur qazanmaq üçün cəmiyyətdə gedən yeni tendensiyaları vaxtında və düzgün görmək vacibdir. Marketoloq yalnız marketinq bilməli deyil. Holliwooda yeni kino çıxıb, birinci marketoloq təhlil etməlidir, yeni rep-ulduzu çıxıb, birinci biz baxmalıyıq, birinci fast-food tipi çıxıb (misal üçün) yenədə birinci biz başa düşməliyik. Səbəb?! Səbəb cəmiyyətdə baş verən tendensiyaları biz düzgün qəbul etməli və öz istəklərimizə uyğun dəyişməliyik.
Dostlar, bizim peşədə uğur qazanmaq üçün keçmiş haqqında dolğun məlumata sahib olmalıyıq. Bəzən marketoloq tarixi, tarixçilərdən də yaxşı bilməlidir, bəzən marketoloq etnoqrafiyanı öyrənməlidir, bəzən marketoloq psixologiyanı… və s. Bilirsiniz də, bunun üçün nə qədər insan enerjisi lazımdır?! Əlbətdə bilirsiniz.
Bəs Sizcə bunun üçün marketoloqa nə stimul olmalıdır?!
Maddi motivasiya?! Maddi motivasiya işçiyə 3 ay təsir edə bilər… bundan sonra?! Bundan nə olacaq?! Bundan sonra əgər işə sevgi varsa… motivasiya qalacaq, olmasa heç bir pul bunu kompensasiya edə bilməz. Ən qorxulusu isə budur ki, yalnız pula görə işləyəndə işdə uğur qazanmaq olmur, uğur üçün ürək lazımdır. Urəkli olmaq üçün isə, işə sevgi…
Öz peşənə sevgi ilə yanaşırsansa, bu uğurun əsasıdır! İnsan da hər şeydən bezə bilər, lakin sevdiyi işdən bezməz. Sevdiyin işi görmək, özü bir dincəlməkdir. Bu iş marketinq kimi, intelektual düşüncə tələb edirsə, sevgi türklər demiş “olmazsa, olmaz” olur.
Əsl marketoloq olmaq üçün öz işinə sevgi olmalıdır. Bu sevgi olmadan bu qədər işi ürəklə görmək mümkün deyil. İşinizə sevgi ilə yanaşın dostlar və ya daha asan yolu var: “Yalnız sevdiyiniz işləri edin!”
Mən demək olar ki, işləmirəm. Çünki gördüyüm hər bir iş mənə həzz verir. Bu əladır! Hər birinizə marketinqdən (işdən, həyatdan) həzz almağı arzulayıram.
Müəllif: PhD of Marketing, İlkin Manafov
Şəxsi bloq: www.ilkinmanafov.com