Səmimiyyət yaxşıdırmı? Bəli. Tabeliyimizdəki əməkdaşlarla mümkün qədər səmimi olmağa çalışmalıyıqmı? Bəli.
Məsələ ondadır ki, səmimiyyət hər şeyi demək anlamına gəlməməlidir. Təsəvvür edin, yuxarı rəhbərliklə (və ya sahibkarla) olan bütün söhbətləri olduğu kimi tabeliyindəki işçilərlə paylaşırsan. Və ya əksinə.
Bəzi idarəçilər burda təcrübəsizliyə yol verirlər, sonra həmin “məngənə”də əzilirlər. Misal üçün, yuxarı rəhbərlikdə hansısa işçi haqqında yanlış təsəvvür var, xoşu gəlmir ondan. Bu təsəvvürü dəyişmək, obyektiv qiymətləndirməyə nail olmaq menecer kimi sənin işindir. Əvəzində həmin yanlış təsəvvürü sözügedən işçi ilə paylaşmağın heç kimə faydası olmaz, şirkətə ziyanı olar.
İdarəçi malik olduğu bütün məlumatları tabeliyindəki işçi ilə (yaxın dostu olsa belə) paylaşmaq məcburiyyətində deyil. Bunu həmin işçi(lər) də başa düşməlidir. Peşəkar yanaşma, biznes etikası bunu tələb edir. Yəni işçilərimizlə (hər kəslə) dürüst olmalıyıq, mümkün qədər səmimi olmalıyıq (buna maksimum çalışmalıyıq) – hər şeyi demək məcburiyyətimiz yoxdur amma. Etik çərçivə var burda.