Futboldan misal çəkim. Messi, C.Ronaldo, Neymarın olduğu komandada baş məşqçi olmağın çətinliyi ilə hansısa dünya ulduzlarının olmadığı komandada baş məşqçi olmağı müqayisə edək. Ulduzlarla işləmək daha çətindir. Daha çox peşəkarlıq və liderlik keyfiyyətləri tələb edir baş məşqçidən və menecerlərdən.
Təkcə futbol biznesində belə deyil. Bütün bizneslərdə belədir.
Bütün ölkədə tanınan ictimai fiqurlar, rəy liderləri, peşəkarığı çoxları tərəfindən qəbul olunan “ulduzlar” hansısa şirkətdə işləyirsə, onların rəhbərləri bilməlidirlər ki, bunlarla “klassik müdirlik” keçməyəcək. Asan deyil onları “idarə etmək”.
Təbii ki, “ulduzlar” da özlərinə və şirkətin korporativ qaydalarına hörmət etməlidirlər. Heç kim onları təkcə adlarına görə işə götürmür. Burda söhbət daha çox həmin şəxslərin rəhbərliklə münasibətlərindən gedir.
Peşəkarlığına güvənən şirkət rəhbərləri və sahibləri ulduzlarla işləməkdə problem görmürlər. Əks halda isə bu əməkdaşlıq alınmır çox hallarda.
Bir çox şirkət rəhbərləri ulduzların özlərini çox rahat hiss etmələrindən narahat olurlar. İstəyirlər ki, işçi həmişə işini itirmək qorxusu ilə yaşasın. Ulduzlarda çətin ki həmin qorxu yaradıla bilsin. 🙂
Başqa bir qrup rəhbərlər isə ulduzların daha populyar olmasını, özünün kölgədə qalmasını həzm edə bilmirlər. Bu da başqa problemdir.
(Yeni yazdığım kitabdan)