Bildiyiniz kimi, martın 1-dən başlayaraq Marketinq AİR təlimləri 8-ci dəfə start götürəcək. Artıq digər təlimçilər İlkin Manafov və Rafiq Hunaltay təqdim edəcəkləri mövzular haqda məlumat veriblər. Bir mən qalmışam platformasını açıqlamamış. 🙂
Aşağıdakı mövzular ətrafında danışmağı nəzərdə tuturam:
Burada şirkətlərin indiki şəraitdə necə hərəkət etməli olduqları, şirkət strategiyasına yenidən baxış, prioritetlərin müəyyən edilməsi əsas söhbət mövzusu olacaq. Şirkətin böhran zamanı fokus sahəsi nə olmalıdır? Xərclərin və resursların optimallaşdırılması necə aparıla bilər? Bundan başqa, komandanı böhran şəraitində işləməyə hazırlaşdırmaq, motivasiyanın düzgün təşkili kimi məsələlərdən danışılacaq. Praktiki nümunələr, real biznes keysləri əsas götürüləcək.
Bütün şirkət rəhbərlərini, şirkət sahiblərini marketinqin özündən çox onun effektivliyi maraqlandırır. Hər bir marketoloq bunu nəzərə almalıdır. Marketinq menecer şirkət rəhbərliyini marketinq fəaliyyətinin effektivliyinə inandırmalıdır. Eyni zamanda, marketinqin, marketinq fəaliyyətinin ölçülməsi ən ağrılı məsələlərdən biridir. Düzgün planlama, KPI, qiymətləndirmə sistemi olmalıdır. Əks halda marketinq kortəbii olur, sistemli olmur. Bunları nəzərə alaraq, təlimlərin birini marketinqin effektivliyinə, effektiv marketinq strategiyasının qurulmasına və həyata keçirilməsinə həsr edəcəyik.
Tez-tez bu sualla qarşılaşırıq ki, böhran zamanı hansı bizneslər daha dayanıqlı olur? Hansı bizneslər açmağın vaxtıdır və s. Bundan başqa, böhran vaxtı hansı biznes modellər daha yaxşı “işləyir”? Bu şəraitdə yeni biznes açmağın üstünlükləri və neqativləri nədir? Bütün bunlara bacardığımız qədər (çox yox 🙂 ) cavab verməyə çalışacağıq.
Böhranın biznesə əsas təsirlərindən biri odur ki, bazarlar kiçilir. Öyrəşdiyimiz bazar deyil artıq. Müştərilərin davranışları, alışa yanaşması dəyişir. Bəs kiçilən bazarda “sağ qalmaq” üçün nə etməliyik? Böhran marketinqimizi necə qurmalıyıq? Marketinq menecerdən bu şəraitdə nə gözlənilir? Satış kanalları, kommunikasiya kanalları ilə iş necə təşkil edilməlidir? Satış sistemi, qiymət siyasəti necə korreksiya edilə bilər? Bütün bu sualların ətrafında danışacağıq.
Şirkətin marketinqi bir tərəfə, bəs özümüzün marketinqi? Hər bir peşəkar özünün marketinqi, şəxsi PR-ı haqda düşünməlidir. Təkcə düşünməklə də iş bitmir, şəxsi marketinq planın, karyera hədəflərin olmalıdır. Karyera hədəfləri böhran dövründə necə korreksiya edilə bilər? Peşəkar biznes karyerasının əsas prinsipləri nələrdir? Praktiki nümunələrlə peşəkar karyera haqda, eyni zamanda peşəkarlığın marketinqi haqda söhbət edəcəyik. Çox maraqlı olacağına vəd veririk. 🙂
Özət bu qədər. Daha ətraflısı Marketinq AİR təlimlərimizdə olacaq. Qeydiyyatdan keçmək üçün link: http://marketingair.facemark.org/
Görüşərik!