Şirkətlərdə maraqlı insan tipləri olur. Onlar haqda zaman-zaman yazılır, danışılır, təhlil edilir.
Bunlardan ən diqqət çəkən qruplardan biri haqda yazacam.
“Şirkətin qeyrətini çəkən” rolunda olan, “şirkəti şirkətin sahibindən də çox istəyən” tiplər.
Onların çox rahat mövqeləri olur. Lüks həyat tərzi keçirirlər şirkətdə. Çox rahatdır axı “xərcləri aşağı salmaq lazımdır” demək. Çox asan mövqedir axı.. Özünü əziyyətə vermədən bu mövqeyi müdafiə edərək ən yaxşı, ən qeyrətli oğlan olursan. 🙂
Qətiyyən ehtiyac olmur risqli təşəbbüslərə vaxt itirməyə. Qətiyyən ehtiyac yoxdur hansısa investisiyanın gəlirliliyini əsaslandırmağa, müdafiə etməyə. Əksinə, investisiya təşəbbüslərinə qarşı çıxırsan, olursan qəhrəman. Pul xərcləyənləri qınamaq qədər asan nə ola bilər ki? Bir az da artistlik bacarığını işə salırsan, emosional nitq söyləyirsən iclaslarda. Şirkətdə səndən başqa hamının şirkəti dağıtdığını, heç kimin qənaət etmədiyini vurğulayırsan. Artistliyin həddi bir az da yüksəlsə, tam sübut etmiş olacaqsan ki, şirkətin sahibindən də çox sənin ürəyin yanır şirkət üçün.
Özü də həmişə şirkəti inkişafa aparan təlim, araşdırma, reklam, sistem quruculuğu istiqamətində olan xərclərin azaldılmasının vacibliyini vurğulayarlar. Şirkətə canları yanırmış kimi.
Yuxarıda yazılanlar, həqiqətdir. Əksər şirkətlərimizdə işləyir bu, təəssüf ki. Normal şirkətlərdə isə işləyə bilməz. O “qeyrətli oğlanlara” əhəmiyyət verilmir, ya da olmur onlar normal şirkətlərdə. Hamı anlayır ki, şirkətin inkişafı üçün pul xərcləmək lazımdır. Təbii ki, ağıllı xərcləmək lazımdır.
Pul xərcləyənlərə (ağıllı xərcləyənlərə) “arzuolunmaz işçilər” kimi baxılırsa, həmin şirkətdə inkişafa arzuolunmaz bir şey kimi baxılır demək.