27-28 may tarixlərində 4-cü dəfə keçiriləcək Milli Marketinq Forumu (MMF) bu günlərdə marketinqsevərlərin əsas mövzusudur. MMF artıq 4-cü ildir ki, Azərbaycanın ən böyük marketinq hadisəsidir.
Buna necə nail olub MMF?
- Çünki MMF qapılarını hamının üzünə açıb. Heç bir firqəçilik, ayrıseçkilik etmədən şirkətlərə, marketinq adamlarına spikerlik təklif olunur.
- MMF hər halı ilə, hər kəsə yaxın, hər kəsə əlçatan olmaq yolunu tutub. Forumun təşkilatçıları heç bir şəkildə buna biznes layihəsi kimi baxmırlar. Biletin cəmi 30 AZN-ə satılması da bunun sübutudur.
- MMF əsl milli tədbirdir. Dövlət himnimizlə açılan və bağlanan MMF-də hər kəs öz ana dilimizdə danışır, öz milli biznesimizin inkişafı yollarından danışılır.
- Bu forum MMF təşkilatçılarının daha geniş miqyaslı missiyasının, ardıcıl (!), yorulmaz fəaliyyətinin tərkib hissəsidir. 4 il əvvəl “Paylaşırıq” deyib yola çıxandan sonra Marketinq AİR təlimləri, Facemark portalı, FMR TV, yazdığımız biznes-marketinq kitabları, Digital Marketing Conference (DMC), biznes bloqçuluğun inkişafının təşviqi istiqamətində işlər, Marketinq Azərbaycan qrupu, marketerlərin bir araya gəlməsi üçün ildə bir neçə dəfə keçirilən networking tədbirləri, Universitetlərdə praktiki biznesin/marketinqin tədrisi və başqa işlərimiz bu missiyaya nə dərəcədə sadiq qaldığımızın göstəricisidir. Hər kəs bunu görür və qiymətləndirir.
- MMF təşkilatçıları foruma hər il xüsusi hazırlaşırlar. Hər il əvvəlkindən daha yaxşı olması üçün hər şey edirlər.
- MMF hər il yeniliklərlə gəlir iştirakçıların görüşünə. Keçən il MMF-də İlkin Manafovun “360 dərəcə marketinq” kitabı təqdim edilmişdi, DMC-də Rafiq Hunaltayın “Bu günün marketinqi”, mənim “Biznes nə istəyir” kitabım təqdim olunmuşdusa, bu dəfə Rafiq Hunaltayın “Böhrandan yeni dövrana” kitabı təqdim ediləcəkdir. Bundan başqa, dostumuz Pərviz Əzimovun “Rəqəmsal Marketinq – Bələdçi” kitabı da məhz MMF2016-da ilk dəfə təqdim olunacaq.
Rafiq Hunaltayın “Böhrandan yeni dövrana” kitabının əsas özəlliyi isə MMF2016-nın mövzusu, konsepti ilə ortaya çıxmasıdır.
- MMF 2 gün ərzində Azərbaycan marketinqinin danışıldığı yer, olduğu yer, episentri rolunda olur. Həm də sözün digər mənasında Azərbaycanda marketinqin olduğu yeri, nə dərəcədə inkişaf etdiyini, hansı problemlərin və imkanların olduğunu göstərir.
- MMF həm də bizə daimi olaraq müqayisə imkanı verir. Azərbaycan marketinqinin hardan hara getdiyini göstərir. 2013-cü ildə marketinqimiz hansı vəzizyyətdə idi, 2014-də hansı vəziyyətdə, 2015-də hansı, 2016-da və s.
Bütün bu sadaladığımız və başqa amillər hər il marketinqsevərlərin mayın sonunu səbrsizliklə gözləmələrinin səbəbidir.
Bu il də əvvəlki illərdə olduğu kimi MMF 6 panellə iştirakçıların görüşünə gəlir. Bu panellər aşağıdakılardır:
- Böhran dövründə Marketinq strategiyası
- Marketinq Kommunikasiyaları
- Bloqçuluq və rəy liderliyi
- Milli Keyslər
- Rəqəmsal Marketinq
- Şəxsi brendinq
Proqramla burdan tanış ola bilərsiniz.
Sosial şəbəklərdə spikerlərin, moderatorların fikirlərinə baxsaq, bütün panellər ən yaxşı panel olmağa iddialıdırlar. Bu rəqabət MMF-ə bir az da həyəcan qatır. Bloqçuluq və rəy liderliyi, Şəxsi brendinq panelləri ilk dəfə olacaq MMF-də. Bu da MMF-in trendlərə uyğun təşkil olunmasından irəli gəlir.
Dostumuz Rafiq Hunaltay özünün moderator olduğu Bloqçuluq və rəy liderliyi panelinin ən maraqlı panel olacağını “əsaslandıran” bloq yazıb. Maraqlı olacağına şübhəm yoxdur, amma məncə ən maraqlı panel forumun əsas mövzusunu əks etdirən, mənim moderator olduğum Böhran dövründə Marketinq strategiyası paneli olacaq. 🙂 Baxarıq. 😉
Böhran dövründə Marketinq strategiyası paneli forumun ilk günündə, ilk panel olacaq. Nə hikmətdirsə, hər dəfə ilk paneli mən moderate edirəm. Xətrimə dəymirlər. 🙂 Spikerlərimiz biznes konsultant Fəxri Ağayev, Megafun əyləncə mərkəzinin idarəçisi Firdovsi Xəlilov, Chevrolet Azerbaijan şirkətinin marketinq direktoru Anar Fətəliyev və dəyərli stratejist dostumuz, Embawood şirkətindən Cəbrayıl Vəliyev olacaq.
“Saxla zamanı, gələr zamanı” kitabı ilə son vaxtlar gündəmi zəbt etmiş Fəxri müəllim “Yeni dövrdə idarəçilərin və liderlərin şəxsi və peşəkar xüsusiyyətləri” mövzusunda danışacaq. Çox maraqlı olacağına inanıram.
Firdovsi Xəlilov böhranın yaxşı tərəflərindən, böhrandan faydalanmağın vacibliyindən danışacaq. Təqdimatla tanış olduğum üçün əminliklə ən yaxşı çıxışlardan olacağını bildirirəm.
Anar Fətəliyev Chevrolet Azərbaycan şirkətinin böhran dövründə bazar payını artırmasının sirlərindən danışacaq. Sizcə maraqlı olmaz? 🙂
Cəbrayıl müəllimin mövzusu problemlər üzərində qurulub: Vizyonsuzluq, StrategiyaLARsızlıq, Ssenarilərin (və onları ortaya qoyacaq Biznes Analistlərin) olmaması… Böhran ÖNCƏSİ-DÖVRÜ-SONRASI-na aid görüşlər… STRATEGİYA ÖLMƏDİ… STRATEGİYASIZLIQ VƏ TƏK STRATEGİYA DÖVRÜ OLDÜ… Ilkin Manafov demiş, “maraqlı çıxış olacağı “silahsız” gözlədə görünür.” 🙂
Milli marketinq forumu haqda bütün məlumatları forumun saytından və Facebook səhifəsindən ala bilərsiniz.
Bilet almaq çox sadədir. 0557939779 nömrəsinə zəng edirsən, Bakının istənilən yerinə gətirirlər. Və ya Cinema Plus (28 Mall) kassasından ala bilərsiniz. http://millimarketinqforumu.com/istiraket.php linki vasitəsilə də bilet almaq mümkündür.
Forumun ərsəyə gəlməsində zəhmət olan hər kəsə, dəstəkçilərə minnətdarlığımı bildirirəm. Dəstəkçilərimiz: http://millimarketinqforumu.com/destek.php
Spikerlərimizə də xüsusi təşəkkürümü bildirirəm. Spikerlərin müraciətindən hazırlanmış videoya burdan baxa bilərsiniz: