Bu yazıda məqsədim şirkətlərin HR brendinq istiqamətində nələr etməli olduğuna fikrimi bildirməkdir.
HR brendinqin məqsədi şirkəti “yaxşı işəgötürən” kimi, “işləməli yer”, “işləməli şirkət” kimi mövqeləndirməkdir.
Yaxşı, necə olur işləməli şirkət?
– O şirkətdə yaxşı sistemli işəgötürmə sistemi var. Hər kəs iş üçün müraciət edə bilir. Eyni zamanda əmin olur ki, həmin müraciətə baxılır. Ciddi qarşılanır həmin müraciətlər.
– O şirkətdə hər kəs işləmək istəyir.
– O şirkətdə işçilər özlərini təkcə “işçi” kimi deyil, “insan” kimi hiss edir
– O şirkətdə işçilər özlərini evdəki kimi hiss edir. Bu halda işçilər daha çox can yandırar şirkətə.
– O şirkətdə bütün işçilər “karyera nərdivanını” aydın şəkildə görürlər. Hamı bilir ki, karyerada qalxmaq üçün nə etməlidir, nəyi bilməlidir və s.
– O şirkətdə işçilərin inkişafı üçün çalışılır.
– O şirkətlərdə işçilərin şəxsi həyatına hörmət qoyulur. Dərk edilir ki, işçinin iş həyatı onun şəxsi həyatının bir hissəsidir. Dərk edilir ki, işçi şəxsi həyatı ilə bağlı depressiyadadırsa, performansı zəif olacaq bir müddət. Nəzərə alınır bu kimi şeylər.
– O şirkətlərdə mənasız qadağalar olmur. Sosial şəbəkələrdən qorxa-qorxa istifadə etmir işçi. Bu haqda yazım
– O şirkətdə rəhbərlik elə atmosfer yaradır ki, “stukaçlıq” işləmir. Bu haqda yazım
– O şirkətdə ədalətlilik olur. Bütün işçilərə eyni cür yanaşılır.
– O şirkətdə işçilərə lazımi səlahiyyət verilir. “Səhv etmək salahiyyəti” daxil olmaqla. İşçilər səhv etməyə (yəni, iş görməyə) təşviq edilir. İş olan yerdə səhv olar.
– O şirkətdə işçilərə mənasız yerə önyarğılı yanaşılmır. Hamıya “potensial oğru” kimi baxılmır.
– O şirkətdə işçilər təzyiq altında saxlanılmır. İşçiyə imkan verilir ki, iş üsullarını seçməkdə sərbəstliyi olsun. İşçidən nəticə gözlənilir.
– O şirkətdə rəhbər işçiyə yaxınlaşdıqda işçi monitora baxmaq məcburiyyəti hiss etmir. İşçilərdə xof yaradılmır rəhbərlik haqda.
– O şirkətdə rəhbərliyin 1 nömrəli işi işçiləri “güdmək” olmur.
– O şirkətdə hər kəsin fikri “eşidilir”. Bu haqda yazım
– O şirkətdə……. Hələlik bu qədər. Siyahını təbii ki, çox uzatmaq olar.
Axtarış zamanı İnternetdə “HR Brendinq” haqda cəmi 1-2 yazı çıxır ana dilimizdə. Bunlardan biri İlkin Manafova aiddir. Oxuyub İlkin müəllimin fikirləri ilə tanış ola bilərsiniz.