Şirkət işçilərinin inkişafı olmadan inkişaf edə bilməz. Ona görə də davamlı olaraq işçilərimizin inkişafı üçün ağıllı addımlar atmalıyıq. Şirkətdə öyrənmə mədəniyyəti, öyrənmə mühiti olmalıdır. Davamlı öyrənməni təşviq edən sistemimiz olmalıdır. Buna “learning organization” deyirlər. Yəni davamlı öyrənməni təmin edən təşkilat/şirkət. Bəs nəyi öyrətməliyik?
1. Öyrənməyi. Həqiqətən də bu gün ən vacib bacarıq elə öyrənə bilmək bacarığıdır. Bunu nəzərə alaraq işçilərimizə effektiv öyrənmə üsullarını mənimsətməliyik.
2. Şirkəti. İşçilər şirkəti, onun məhsullarını və proseslərini nə qədər çox tanısalar, o qədər effektiv çalışarlar. Bu səbəbdən şirkətimizin güclü və zəif tərəflərini, strategiyasını, biznes modelini, planlarını, çətinliklərini və s. işçilərimizə çatdırmalıyıq davamlı olaraq.
3. Sektoru, sektor trendlərini. Təkcə şirkəti öyrənməklə iş bitmir. Gərək biz olduğumuz sektoru, rəqabət şəraitini, sektorun xüsusiyyətlətini, kritik uğur faktorlarını, çətinliklərini, trendlərini də yaxşı öyrənək.
4. Biznesin mahiyyətini. İşçilərə işin kökünü də öyrətməliyik. Ümumiyyətlə biznes necə pul qazanır? Niyə bu biznesdəyik? Biznesin effektivliyi nələrdən asılıdır? Biznesin mahiyyətini öyrəndikcə işçilərin konseptual bacarıqları inkişaf edir, vizyonları genişlənir.
5. Analitikanı. Analitik yanaşma olmadan ağıllı idarəetmə mümkün deyil. Datadan düzgün istifadə bacarığı çox önəmlidir bu gün. Təkcə analitik yox, digər menecerlər və mütəxəssislər də biznes analitikasını müəyyən səviyyədə öyrənməlidirlər. İşə analitik yanaşma təşviq edilməlidir.
6. Birbaşa işi ilə bağlı biliklər. Bu ən çox aydın olanıdır deyə sonda yazdım və çox izahatına ehtiyac görmürəm. Marketinq şöbəsindəkilər marketinqi öyrənməlidir, satışdakılar satışı, HR-dakılar HR-ı və s.
Bütün bunları nəzərə alaraq şirkətdə öyrənmə və inkişaf funksiyasına xüsusi diqqət yetirilməlidir. İşçilərin təliminə xərclənən pullara investisiya kimi yanaşmaq lazımdır.