Şirkətlərdə “ağıllı” siyasətçilər olur. Öz aləmlərində hamı ilə ehtiyatla davranırlar, bütün sözlərini, cümlələrini ehtiyatla seçirlər, gizli planları, “şahmat” gedişləri olur və s. Onların öz inancları olur. Düşünürlər ki, indiki zəmanədə heç kimə etibar etmək olmaz, heç kimdən dost olmaz və s. 🙂
Əvvəlcə başa düşməyə çalışaq ki, niyə siyasətçi olmağa ehtiyac bilirlər?
1)Şirkətdəki ab-hava bunu “tələb edir”.
2)Özünə (savadına, işinə və s.) güvənməyən işçi özünü qorumağa çalışır.
Hər iki hal şirkəti uçuruma aparır. Yumruq kimi, səmimi şəkildə vahid hədəflərə doğru irəliləyən işçilər nədən hansısa “gizli plan”a, siyasətə ehtiyac duysun ki?
Böyük şirkətlər tanıyıram ki, şirkət sahibi səviyyəsində intriqalar stimullaşdırılır. Yəqin düşünürlər ki, intriqa olmasa, işçilər şirkətə qarşı birləşərlər və ya özbaşınalıq olar. Sağlam korporativ mədəniyyət, dəyərlər formalaşdırmaq əvəzinə bunların elədiyinə baxın.. Belə şirkətlərdə intriqalara, siyasətə böyük meydan olur, tez-tez ən yüksək səviyyədə “məhkəmələr”qurulur ki, görək kim haqlıdır hansısa məsələdə.
Siyasətçiliyə, intriqalara, qeyri-səmimiliyə, yersiz eqolara meydan olan şirkətdə təbii ki, effektivlik, məhsuldarlıq çox az olacaq. Çünki fokus başqadır, daha “vacib” düşüncələri, planları olur işçilərin.
Əgər ən yuxarı (şirkət sahibi, rəhbəri) səviyyədə bu intriqalar stimullaşdırılırsa və ya buna dözümlü yanaşırlarsa, ilk fürsətdə həmin şirkəti tərk etmək lazımdır.
Əgər siyasətçilik, intriqalar rəhbərlik səviyyəsində deyil, ayrı-ayrı işçilər səviyyəsindədirsə, 1) şirkət rəhbərliyi mütləq tədbir görməlidir bununla bağlı. 2) Sən isə açıq oynamalısan, siyasətçilərə qarşı onların tərzində davranmamalısan. Özünə güvənirsənsə, açıq oyna, mütləq qalib gələcəksən.
Əgər şirkətdə həmin xoşagəlməz hallara (siyasət, intriqa) meydan yoxdursa, həmin şirkətə buna görə hörmət etmək lazımdır.