Yaxşı iş mühiti ilk növbədə şirkətə lazımdır. İşçiyə yaxşılıq üçün deyil..
Mənim idarəetmədə ən çox önə çəkdiyim məsələlərdən biri iş mühitinin yaxşı olmasıdır, işçilərin motivasiyalı olmasıdır. Bu, işçilərə yaxşılıq eləmək üçün edilmir. Şirkətdə məhsuldarlığı yuxarı qaldırmaq üçün, daha güclü şirkət olmaq üçün lazımdır bizə.
Yaxşı işləmək üçün yaxşı iş mühiti lazımdır. Bu qədər sadədir məsələ.
Şirkətin çox güclü strategiyası, texnologiyası, işçiləri və s. ola bilər. İş mühiti yaxşı olmayandan sonra bu amillər bir xeyli mənasızlaşır.
İş mühiti, işçilərin motivasiyası şirkətin məhsuldarlığında, uğurlarında çox ciddi rola malikdir. Hər bir sahibkar, hər bir şirkət rəhbəri bunu başa düşməlidir. İşçilərin motivasiyası çox vacib olduğu üçün daim ölçməliyik, yüksəldilməsi üçün hər şey etməliyik.
İşçilərin potensiallarını maksimum üzə çıxarmaq istəyiriksə, biz onlara maksimum yaxşı şərait yaratmalıyıq. Onlar şirkətə o qədər bağlı olmalıdırlar ki, əllərindən gələni etsinlər, “özlərini öldürsünlər” şirkətdən ötrü.
İşçiləri təzyiq altında saxlamaqla, mikromenecment tətbiq etməklə, qorxu mühiti yaratmaqla, bütün günü güdməklə, hər anını nəzarətdə saxlamaqla çox uzağa gedə bilmərik. Bu qeyd etdiklərim zəhərli (toksik) iş mühiti yaradır. Toksik iş mühitində mümkün deyil ki işçilər səmimi olaraq şirkətə can yandırsınlar..
İş mühitinin yaxşı olması şirkətdəki bir çox problemlərin təməl səbəbi ola bilir. Məsələn, satışın aşağı olmasının, məhsulun keyfiyyətsiz istehsal olunmasının və s. Səbəb çox sadədir: şirkətini sevməyən işçi şirkətini sevdirə bilməz, şirkətinə can yandıra bilməz və s. Elə etməliyik ki, işçilər şirkətə bağlı olsunlar, şirkəti sevsinlər. Təsadüfi deyil ki, idarə etdiyim şirkətlərdə, konsaltinq verdiyim şirkətlərdə ən birinci baxdığım məsələlərdən biri işçilərin nə dərəcədə xoşbəxt olması, şirkətə nə dərəcədə bağlı olmasıdır. Hətta olub ki, məndən şirkətində satışın artırılmasına dəstək istəyən sahibkar təəccüblə sual verib ki, satışın artırılmasını gözləyirik sizdən, işçilərin motivasiyasını niyə ölçürsünüz? Cavabım o olub ki, satış birbaşa olaraq bundan asılıdır. Buna görə də həm Gallup12 tipli işçi bağlılığı sorğuları (employee engagement survey) keçirməklə, həm də işçilərlə görüşərək şirkətdəki iş mühitinin, işçilərin xoşbəxtliyinin səviyyəsini anlamaq lazımdır.
İşçilərə imkan verilməlidir, sərbəstlik tanınmalıdır, səlahiyyət verilməlidir ki, şirkəti özününkü bilib əlindən gələni etsin, yüksək performans göstərsin. Belə deyəndə də mütləq kimsə tapılır desin ki, sərbəstlik veriləndə də sui-istifadə edəcəklər, “quduracaqlar” (çox üzr istəyirəm – A.B.), başımıza çıxacaqlar, bizim millətlə gərək sərt olasan, bizim millətlə bu yaramır və s. Kökündən yanlış yanaşmadır. Nəyə görəsini deyim..
İşçilərlə mümkün qədər səmimi dialoq mühiti yaratmaq lazımdır ki, işçilər istənilən sullarına cavab tapa bilsinlər, qeyri-müəyyənlikdə qalmasınlar. Aydınlıq və şəffaflıq olmalıdır. Məsələn, işçinin vəzifəsinin və ya maaşının artımı barədə söhbət açması çox normal bir haldır. Bu komfortu bütün işçilərə tanımaq lazımdır, “top-tüfənglə” qarşılamağa ehtiyac yoxdur. Ən pisi odur ki, işçi qeyri-müəyyənlikdə qalsın, önünü görməsin. Amma gözləmək lazım deyil ki, işçilər özləri “dilə gəlsinlər”. Şirkətdə karyera inkişaf sistemi, əmək haqqı siyasəti, dərəcələmə və s. qabaqcıl praktikalar tətbiq olunarsa, daha sistemli və köklü həllə nail ola bilərik.
Səmimi mühitlə bağlı mənim tez-tez dediyim bir söz var: Özünüzə sual verin, işçiləriniz sizə deyə bilirmi ki, “bu gün axot yoxdur işləməyə?”. Bunu deyə bilmirsə, iş mühitində, rəhbər-işçi münasibətində problemlər qalır deyə düşünürəm. “Axotu olmamaq” insanlıq halıdır – elə bir adam yoxdur ki, ilin 365 günü yüksək həvəslə işləsin. Bu insanlıq halıdırsa, niyə işçini yalandan rola girməyə, yalan danışmağa vadar edirik? Qoy səmimi olaraq bunu rəhbərinə deyə bilsin, rəhbər də işini bilsin – həmin işçinin qeyri-məhsuldar işləməyi əvəzinə həmin gün üçün o işçiyə istirahət vermək olar, onun işini həmin gün başqasına həvalə etmək olar və s. Burda məsələnin qarşı qütbü də ondan ibarətdir ki, o işçi bunu deməyə cəsarət tapacaq ki, həqiqətən “üzü var” bu səmimiyyəti etməyə. Əks halda rəhbər deyəcək ki, sən axotun olanda belə işləyirdin, qalmışdı axotun olmayanda.. 😊 Düşünsəniz ki, bu mühit sui-istifadəyə yol açar, bunun cavabını yuxarıda verilib. Elə etməliyik ki, bizim şirkətdə sui-istifadə etmək sərf etməsin. Sui-istifadə edənin bizim şirkətdə nə işi var ki?
13 il əvvəl
Anar, yazinin uslubu ve sade dilde yazilmasi onda eks olunmush idareetme ile bagli ideyalarina musbet calar getirdi. Bu yaziya gore Seni tebrik edirem.
Gelen yazilarindan birini heyetdaxili konfliklere hesr etsen sevinerem.
Ugurlar.
13 il əvvəl
Chox sag ol Teymur! Mutleq nezere alacagam.
13 il əvvəl
Çox sağ ol qardaş. Sizin fikirləriniz çox qiymətlidir mənim üçün!
13 il əvvəl
Gündəlik işimizdə rastlaşdığımız mühim bir mövzuya toxunub və gözəl bir formada bunu izah eləmisən Anar. Buna görə təbriklər. PwC-də işçilərə sizin üçün motivasiya nədir? mövzusunda sorğu keçirtmişdilər dünya üzrə. Sorğu nəticəsinə görə birinci yerdə görülən işin menecment tərəfindən düzgün qiymətləndirilməsi dururdu. İkinci iş şəraiti və üçüncü əmək haqqı. Uğurlar!!!
13 il əvvəl
Bəyənilsin Anar bəy. Hal hazırda bütün satış şirkətlərinin eytiyac duyduğu motivasiyanı qeyd etmisiniz. İnşallah bununla əlaqədar növbəti belə maraqlı yazılarınızı izləyəcəyik. Uğurlar
13 il əvvəl
Sizin kimi insanlarin varligi Azerbaycanin iqtisadiyyatinin inkishaf etmish olkeler seviyyesine catmasi uchun bashlica shertdir.
13 il əvvəl
Çox sağ olun!
13 il əvvəl
Anar salam.Bloqunuza baxdım çox maraqlı mövzular var. Təşəkkürlər!!!
13 il əvvəl
Anar bəy! Çox mühüm mövzunu çox gözəl və praktik dəyərləndirmisən. Bizim əksər şirkətlərdə zənnimcə bu məsələ ilə bağlı problemlər var. İnşaAllah, bu cür ideologiyanı mənimsəyərlər şirkət rəhbərlərimiz. İşçiyə düzgün yanaşmaq, lazımi qiyməti vermək çox önəmlidir.
Sənə də hamımıza faydalı olan bu yolunda uğurlar arzulayıram!
Menecment mövzularında növbəti yazılarını səbirsizliklə gözləyirəm.
13 il əvvəl
Chox teshekkur edirem her birinize!
13 il əvvəl
Maraqli idi, xüsusilə fikrin qisa cumlələrdə ifadə olunması. Bu tip mövzularda adətən uzun uzadı cumlələrdən istifadə olunur, abstrakt addımlar göstərilir, hansınıkı oxumaq cansıxıcı gəlir. Təşəkkür!
13 il əvvəl
Maraqlı məqalədir əlinizə sağlıq
13 il əvvəl
Salam..Anar muellim yaziya gore tewekkur edirem size ,cox gozel yazmisiniz..ama size bir sual verim,,iscilerin motivasiyasindan danisdiniz .ama bu sirketlerde isleyen ali tehsilliler ucundur mence,,bes supermarketlerde isleyen ishleyen iscileri nece motivasiya etmek olar?hansilarki 300 azn,den cox maas almirlar ve hemde orta tehsillidirler..
13 il əvvəl
Salam. Deyim ki, onun vahid fomulası yoxdur. Hər bir menecer öz idarəetmə üslubuna uyğun olaraq motivasiya sistemini qura bilər, hətta sizin dediyiniz kateqoriya işçilər üçün. Bunun minlərlə yolları var. Ümumi prinsiplər isə heç vaxt dəyişmir: işçilərə qiymət vermək, ədalətli olmaq, yaxşı iş şəraiti yaratmaq və s.