Tez-tez eşidirik ki, iş saatlarında başqa işlərlə məşğul olmaq olmaz. İş vaxtı şirkətin işini gör və s.
Bu gün “İşləyə-işləyə iş axtarmaq olmaz?” postunun LinkedIn’də müzakirəsi zamanı Teymur bəy yazmışdı ki, “Yeni iş yerini köhnə iş yerindəki iş saatı hesabına axtarmağı da düzgün hesab etmirəm”.
Bu yazıda da buna münasibət bildirmək istəyirəm.
Günün 24 saatı işçinin həyatına aid məsələdir. Eyni zamanda şirkətin işçisi olaraq həmin vaxtda şirkətin mənafeyi üçün çalışır. 24 saat ərzində işçi işlədiyi şirkət üçün “vuruşmalıdır”. Təbii ki, şəxsi həyatının tərkib hissəsi olaraq. Kimisə işə götürmək onun vaxtını icarəyə almaq demək deyil. Qətiyyən deyil. Saat 9-18 aralığı şərti məsələdir və həmin vaxt ofisdə olma anlamına gəlir.
Təbii ki, müəyyən qaydalar, prosedurlarla nizamlanır bu məsələlər – ofisə gəlmə vaxtı, ofisdən getmə vaxtı və s. Bu, eyni zamanda o demək deyil ki, həmin vaxt şirkətə məxsusdur. Normal şirkətlər belə yanaşmır. İşçinin vaxtına, həyatına hörmət edir. Məqsədyönlü yanaşma odur ki, işçi şirkətin həmin işçiyə olan ehtiyacını ödədiyi (bunun üçün maksimum vicdanla çalışdığı) və şirkətə ziyan vurmadığı halda şirkət məqsədinə çatmış olur. Lazımsız müdaxilə etmək də lazım gəlmir. Məsələn, iş vaxtı dostuna zəng eləmək, internetə girmək, sosial şəbəklərdən istifadə etmək və s.
Mütərəqqi şirkətlər çalışırlar ki, işçilər maksimum xoşbəxt hiss etsinlər özlərini. İşini vicdanla görürsə, KPI-ları (əsas performans göstəricilərini) yerinə yetirirsə, kifayət edir.
Bu mənada klassik work-life balance (iş-həyat balansı) məfhumu da mənasını tam itirmiş olur. İş həyatın ayrılmaz hissəsidir. İşçinin ofisdə olduğu vaxt da həyatının bir hissəsidir. Müasir iş dünyasında xüsusilə work-life ayrımı mümkünsüzdür. Bu məsələ zaman keçdikcə daha qabarıq olacaq.